Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
28.01.2010
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cinayətkarlığa qarşı mübarizə sahəsində milli qanunvericiliyin və beynəlxalq konvensiyaların müddəaları, hökumətlərarası və idarələrarası müqavilələr rəhbər tutularaq xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə qarşılıqlı hüquqi yardım çərçivəsində fəaliyyət cari ildə də məqsədyönlü şəkildə davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərlə, 2004-cü ildən cinayətkar birlik yaratmaq və adam oğurluğu cinayətlərində təqsirli bilinərək İstambul Ağır Cəza Məhkəməsi tərəfindən barələrində həbsli beynləxalq axtarış elan edilmiş Türkiyə vətəndaşları Mehmet Sena Söyləməz, qardaşı Faysal və yaxın qohumları Deniz Daşdemirin Bakı şəhərinə gələrək Nərimanov rayonu ərazisindəki mənzillərdən birində kirayədə yaşamaları müəyyən edilmişdir.
Yanvarın 26-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər yaxalanmışlar. Onların üzərindən və qaldıqları mənzildən 3 ədəd saxta pasport, Ermənistan, Suriya, İraq ABŞ və Türkiyə dövlətlərinin milli valyutaları, siyası ədəbiyyat, xarici mobil operatorlara məxsus simkartlar, çoxlu sayda sənəd və xəritə aşkar edilərək götürülmüşdür.
Müvafiq istiqamətdə zəruri əməliyyat tədbirləri və araşdırmalar davam etdirilir.