Polis təbiətimizin də keşiyindədir

16.01.2010

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” ölkəmizdə bu sahədəki problemlərin həllinin vacibliyini önə çəkdi. 2010-cu ilin dövlət başçımızın təşəbbüsü ilə “Ekologiya ili” elan olunması bu istiqamətdə görülən tədbirləri daha da sürətləndirdi.

Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirən dövlətimizin başçısının bu təklifi ölkə ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi və rəğbətlə qarşılanmaqla genişmiqyaslı yaşıllaşdırma kampaniyalarına start verdi. Ölkə rəhbərimizin bu vacib təşəbbüsünün reallaşdırılmasına ötən ilin sonlarından start verilmiş, bu vacib tədbirə dövlət orqanları da qoşularaq, Abşeron yarımadasının yaşıllaşdırılması, ekoloji tarazlığın qorunması üçün əməli addımlar atmışlar.  
Respublikanın daxili işlər orqanları da öz növbəsində ölkəmizin hər yerində həyata keçirilən ekoloji mühitin tənzimlənməsi kampaniyasına qoşularaq yanvarın 16-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 3 hektar sahədə ölkəmizin iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, Azərbaycan təbiətini təqdim edən üç min ədəd Eldar şamı və zeytun ağacları əkmişlər.
Bu gərəkli və nəcib təşəbbüsə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in bütün şəxsi heyəti qoşulmuşdur. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə əkdikləri hər bir ağacın küləkdən qorunması  və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə etmişlər. 
Gələcək nəsillər üçün sağlam mühitin qorunması, şəhərimizin daha da gözəlləşməsi üçün daxili işlər orqanları əməkdaşları tərəfindən belə zəruri tədbirlər bundan sonra da davam etdiriləcək.   


geriyə