Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
09.01.2010
Nazir R.Usubov Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması istiqamətindəki fəaliyyətindən danışaraq ötən illər ərzində qazanılmış müsbət tendensiyanın, islahatların, o cümlədən müasir texnologiyaların tətbiqinin uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının qorunmasının, onların məruz qaldıqları hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görüldüyünü, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin Nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Bu işin Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən hüquq-mühafizə siyasətinin tərkib hissəsi olduğunu deyən general-polkovnik Ramil Usubov ötən dövr ərzində qeyri-hökumət təşkilatları ilə səmərli əməkdaşlığın inkişaf etdirildiyini də diqqətə çatdırmışdır.
Səmimi qəbula, işgüzar əlaqələrə və əməkdaşlığa görə minnətdarlıq edən hüquq müdafiəçiləri bütövlükdə DİN-in fəaliyyətindən razılıqlarını bildirmiş, onları maraqlandıran bir çox məsələlərlə bağlı fikirlərini söyləmişlər. Hüquq müdafiəçiləri həmçinin Bənəniyar kəndində baş verənləri yerində öyrənmək məqsədi ilə Naxçıvana getmək arzularını da ifadə etmişlər.
Daxili işlər naziri Ramil Usubov bu məsələnin bəzi mətbuat orqanlarında həddən artıq şişirdildiyini, dövlət orqanlarına və polisə qarşı birtərəfili və qərəzli təbliğat kompaniyasına çevrildiyini, hər bir hadisənin, vətəndaşların hər bir müraciətinin obyektiv araşdırılmasının elə dövlətimizin öz marağında olduğunu vurğulamışdır.