Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

08.01.2010
2010-cu il yanvarın 6-da Qaradağ rayonun Lökbatan qəsəbəsinin yeni yaşayış sahəsində kirayədə yaşayan Çin Xalq Respublikasının vətəndaşı Zhanq Yaoqin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək həmin gün saat 02.00 radələrində həyat yoldaşı Zhanq Venlin Bakının 8-ci kilometr qəsəbsində özünə məxsus "Opel Astra" markalı avtomaşını ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanması və azadlığa buraxılması müqabilində üç yüz min ABŞ dolları tələb olunması barədə məlumat vermişdir. 

Dərhal Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət  əməliyyat-axtarış qrupu yaradılmış və təxirəsalınmaz tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Zhanq Venlin yanvarın 5-də axşam həyat yoldaşı ilə birlikdə Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq getmişdir. Təxminən saat 02.00 radələrində o, həyətə çıxmış və geri qayıtmamışdır. Ertəsi gün saat 09.30 radələrində Zhanq Venlinə məxsus mobil telefondan həyat yoldaşına zəng vuran naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığını bildirmiş və azadlığa buraxılması müqabilində üç yüz min ABŞ dolları tələb etmişlər. Zəng edən şəxslər həmçinin bildirmişlər ki, polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə  Zhanq Venlin öldürüləcəkdir.

Yanvarın 7-də girov götürülmüş Çin vətəndaşının həyat yoldaşının mobil telefonuna yenidən zəng vuran şəxslər  Zhanq Venlin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığını bildirmişlər.
Zərərçəkənin kəsilmiş şəhadət barmağı yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür.
Elə həmin gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları Li Jien Vei, Zenqo Van, Vanq Liyonq, Vanq Konqyonq və Zinq Laxu saxlanılmışlar. Onların yaşadıqları evə baxış zamanı cinayətdə istifadə olunmuş maskalar, bıcaqlar, balta, dəmir dəyənəklar, yapışqanlı lent, mobil telefonlar və sair əşyalar aşkar edilərək götürülmüşdür. Gözləri yapışqanlı lentlə sarınmış, sağ əlinin barmağı kəsilmiş vəziyyətdə olan Zhanq Venlin girovluqdan azad edilmişdir.

Faktla bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu ) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

geriyə