DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28.09.2016

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 28-də Pakistan İslam Respublikasının federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Qonaqları səmimiyyətlə salamlayan nazir iki dost və qardaş dövlət arasında əlaqələrin zəngin tarixi ənənələrə və dərin köklərə malik olduğunu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu münasibətlərin inkişafına hər zaman xüsusi önəm verdiklərini, müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olan Pakistanın beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğulayıb. Pakistanlı nazirin rəhbərlik etdiyi heyətin Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının bütün sahələrdə genişlənən əlaqələrimizin daha bir əyani təzahürü olduğu nəzərə çatdırılıb.
Daha sonra cənab Ramil Usubov DİN-in əsas funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib.
Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində son illər bütün istiqamətlərdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin daha da dərinləşdiyini, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığa dair hökumətlərarası sazişlərin imzalandığını da xatırladıb.
Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən cənab Rana Tanvir Hussain Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştiraklarından məmnunluğunu ifadə edib. O, dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu, əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəklərini bildirib.
Mehribanlıq və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.